Ağıllı şəhərlər yeni perspektivdə

urbanizasiya, davamlı inkişaf

Müasir dövrün əsas tendensiyaları sırasında innovativ texnologiyaların tətbiq edilməsi hesabına idarəçilik sisteminin səmərəliləşdirilməsi və getdikcə tükənməkdə olan resursların davamlı istifadəsi kimi məsələlər daxildir. İnnovasiyaların tətbiqinə əsaslanan “ağıllı şəhərlərin” yaradılması da məhz bu kontekstdə tətbiq olunan layihələrdən biridir. Ağıllı şəhərin yaradılmasının əsas məqsədi səmərəli və vahid mərkəzdən idarə olunan şəhər idarəçiliyinin yaradılması, əhalinin rifahının yüksəldilməsi və enerji sərfiyyatının optimallaşdırılmasıdır.

Hal-hazırda urbanlaşmanın səviyyəsi ildən-ilə artır. Urbanlaşmanın fəsadları isə göz qabağındadır. Ona görə də, potensial ekoloji fəlakətlərin qarşısını almaq üçün şəhərlərə “ağıllı texnologiyalar”ın tətbiqi əhəmiyyətlidir. Çünki məhz bunun hesabına, ölkə davamlılığa və ekoloji tarazlığa nail ola bilər. Bir növ elə bir dövrdə yaşayırıq ki, texnika və texnologiyanın inkişafı nəticəsində ekologiyaya dəyən ziyan yenə də texnologiyaların hesabına kompensasiya edilməlidir. İndi isə ağıllı şəhər konsepsiyasının özündə ehtiva etdiyi komponentlərə nəzər salaq:

Ağıllı şəhərin komponentləri Əşyaların İnterneti (IoT), süni intellekt (AI), böyük verilənlərin analitikası və bulud hesablamaları kimi müxtəlif sistem və texnologiyaların inteqrasiyasını əhatə edir.

Ümumumilikdə, ağıllı şəhərlərdə istifadə olunan texnologiyalar bunlardır:

  • Əşyaların İnterneti (IoT)
  • Böyük Məlumat və Analitika
  • Ağıllı şəbəkələr
  • İntellektual Nəqliyyat Sistemləri (ITS
  • Ağıllı Binalar
  • Vətəndaş İştirakı Platformaları
  • Təkmil Kommunikasiya Şəbəkələri
  • Süni intellekt (AI)
  1. Əşyaların İnterneti (IoT): IoT cihazları real vaxt məlumatlarını toplamaq üçün ağıllı şəhərlərdə geniş şəkildə istifadə olunur. Bu qurğular müxtəlif parametrlər üzrə məlumatların toplanması və ötürülməsini təmin edən əşyalara quraşdırılmış sensor yaxud hər hansı həssas çiplər və s . ola bilər. Ağıllı şəhərlərdə məlumatların yığılması məhz bu qurğuların fəaliyyəti hesabına baş verir. Bu məlumatlar resurs istifadəsini optimallaşdırmağa, enerji istehlakını azaltmağa və ümumi şəhər idarəetməsini təkmilləşdirməyə kömək edə bilər.
  2. Ağıllı şəhərlərdə əgər ilkin mərhələdə İoT hesabına məlumat yığılırsa, sonrakı mərhələdə bu böyük verilənlərin analitikasını və onun bulud texnologiyaları hesabına saxlanılmasını tələb edir. Bu mərhələdə, verilənlərin təhlili mövcud vəziyyəti anlamaq, problemləri müəyyən edərək həll yolları işlənib hazırlamağa kömək etməklə yanaşı qərar qəbuletmə prosesini də asanlaşdırır.
  3. Ağıllı Şəbəkələr (Smart grid), real vaxt rejimində elektrik enerjisinin istehsalı və paylanmasının səmərəliliyini, etibarlılığını, iqtisadi səmərəsini və dayanıqlığını avtomatik olaraq artıra bilən enerji istehsalı və istehlakı haqqında məlumat toplamaq üçün informasiya-kommunikasiya şəbəkələri və texnologiyalarından istifadə edən modernləşdirilmiş elektrik şəbəkələridir.
  4. Ağıllı Nəqliyyat Sistemləri (İTS): Ağıllı şəhərlər mobilliyi artırmaq və nəqliyyat sıxlığını azaltmaq üçün ağıllı nəqliyyat sistemlərini tətbiq edir. Buna məsələn, trafik sensorları, adaptiv trafik siqnalları, real vaxt məlumatlarının təhlili və ağıllı parkinq aid edilə bilər. İTS real vaxt rejimində trafik məlumatı təmin etməklə və nəqliyyat axınını optimallaşdıraraq gediş-gəlişi təkmilləşdirir və karbon izini azaldır.
  5. Ağıllı Evlər: Burada texnologiyalar binaları daha çox enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz olması üçün istifadə olunur. Ağıllı bina sistemləri enerji istifadəsini, işıqlandırmanı, temperaturu və təhlükəsizliyi izləmək və nəzarət etmək üçün sensorlar, avtomatlaşdırma və enerji idarəetmə sistemlərindən istifadə edir.
  6. Vətəndaş İştirakı Platformaları: vətəndaşların ağıllı şəhər həyatında iştirakına cəlb edilməsində mühüm rol oynayır. Onlayn platformalar və mobil tətbiqlər rəy toplamaq, problemləri bildirmək və sakinləri qərar qəbul etmə proseslərinə cəlb etmək üçün istifadə olunur. Bu platformalar vətəndaşlara ictimai iştirakçılıq hissini gücləndirmək imkanı verir. Xüsusən bələdiyyələr yerli rəyi öyrənmək və sakinlərlə əks əlaqəni gücləndirmək üçün bu texnologiylardan istifadə edə bilər.
  7. Qabaqcıl Kommunikasiya Şəbəkələri: Təbii ki, bütün bu proseslərin ilkin şərti məhz yüksəksürətli şəbəkə bağlantısıdır. Yüksək sürətli genişzolaqlı şəbəkələr kimi güclü kommunikasiya infrastrukturu ağıllı şəhərin əsasını təşkil edir. Bu şəbəkələr müxtəlif cihazlar, sistemlər və maraqlı tərəflər arasında problemsiz əlaqəni təmin edir. Onlar ünsiyyətə, məlumat mübadiləsinə və uzaqdan monitorinqə imkan verir, ağıllı şəhər proqramlarının və xidmətlərinin işləməsini dəstəkləyir.
  8. Süni intellekt (AI) şəhərlərə verilənlərə əsaslanan qərarlar qəbul etməyə, prosesləri avtomatlaşdırmağa və şəhər mühitinin ümumi səmərəliliyini, dayanıqlığını və yaşayış qabiliyyətini artırmağa imkan verir.

Beləliklə də, məlumatların təhlili və proseslərin avtomatlaşdırılması üçün ağıllı texnologiyalardan istifadə hökumətlərə diqqəti aktual problemlərə yönəltməyə imkan verir.

Ağıllı şəhərlərə keçid hal-hazırda hər bir ölkə üçün aktual olmalıdır. Lakin burada bəzi problematik məqamlar ortaya çıxır. Bunların sırasında düşünürəm ki, əsas məsələlərdən biri informasiya təhlükəsizliyidir. Çünki göründüyü kimi, ağıllı şəhərlər tamamilə İKT -dən asılıdır. Belə bir şəraitdə həm informasiya təhlükəsizliyini təmin etmək, həm də şəhər idarəçiliyini kiberhücumlardan qorumaq əsas şərtdir. Əlavə olaraq, hər bir ölkə vətəndaşının yüksəksürətli internet bağlantısına əlçatanlığı, onların ağıllı texnologiya mühitinə inteqrasiya edilməsi üçün kifayət qədər maarrifləndirmə tədbirlərinin aparılması vacibdir.

Bəzi hallarda biz hansısa ağıllı texnologiyaların müəyyən bir sahəyə tətbiq olunub da daha sonra unudulduğu, istifadəsiz qaldığının şahidi oluruq. Buna görə də, burada tək fərdin savadlılığı rol oynamır, bütövlükdə cəmiyyət olaraq maarifləndirmənin önəmindən söhbət gedir. Hələ ilkin yaşlardan ekoloji maarifləndirmə icbari olmalı və daha sonra isə bütün məktəb və ali məktəb proqramlarında ağıllı texnologiyalardan istifadə ilə bağlı məsələlər işıqlandırılmalı və ictimaiyyətə çatdırılmalıdır. Yalnız bu yolla yeni davamlı və inklüziv cəmiyyətin yaradılmasından və ağıllı şəhər idarəçiliyinin tətbiqindən söhbət gedə bilər.

Published by shovkatmustafazada

Lecturer and PhD Student in Sustainable Development

Leave a comment