Azərbaycan Respublikasının davamlı inkişafında əmək ehtiyatlarının formalaşmasının demoqrafik aspektləri

Demography

Bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin səmərəliliyi, cəmiyyətin mövcud sosial-iqtisadi strukturundan, onun keyfiyyət xarakteristikalarından əhəmiyyətli dərəcədə asılıdır. İnsan potensialı səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir.

İnsan fərdi və sosial varlıq olmaqla cəmiyyətin ayrılmaz bir tərkib hissəsidir. Müasir dövrdə insan potensialı cəmiyyətin başlıca sərvəti və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi hesab edilir. Bütün cəmiyyətlərdə ictimai istehsalın baş verməsi və ahəngdar sürətdə davam etməsi üçün müəyyən sayda, fiziki, zehni qabiliyyətlərə, sağlamlığa, təhsilə, biliyə, bacarığa, müəyyən peşə hazırlığına, ixtisasa və s. malik olan insan potensialının mövcud olması mütləqdir. Müasir şəraitdə ölkə iqtisadiyyatının gələcəkdə rəqabətqabiliyyətliliyinin gücləndirilməsi üçün məhz insan potensialının keyfiyyətinin yüksəldilməsi, bu sahəyə investisiya qoyuluşunu artırmaq və işçilərin özünü reallaşdırması üçün şərait yaratmaq önəmli məsələlərdəndir. (4, s.38).

 Sosial – iqtisadi inkişafın təmin edilməsi, mədəni inkişaf, əldə edilməsi mümkün olan nə varsa, bunların hamısı insanların malik olduğu əmək potensialının bütövlükdə cəmiyyətin və onun hər bir fərdinin mənafeyi baxımından necə və nə cür reallaşdırılmasından asılıdır. Belə ki, ictimai təkrar istehsalın əsasını və subyektini təşkil edən insanlar iqtisadi və sosial inkişafın təmin edilməsində, sağlamlaşdırılmasında, ictimai istehsalın səmərəliliyinin yüksəldilməsində və elmi – texniki tərəqqinin sürətləndirilməsində aparıcı rol oynayırlar.

Qlobal və milli səviyyədə davamlı insan inkişafı iqtisadi, sosial və demoqrafik inkişafla birlikdə qarşılıqlı əlaqələrin mürəkkəb sistemini təşkil edir.

Demoqrafik inkişaf kontekstində insan inkişafının davamlılığı dedikdə əhalinin optimal artımı, əhalinin təkrar istehsalının optimal tipi nəzərdə tutulur.

Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Demoqrafik davranış növlərindən biri olan özünümüdafiə davranışının keyfiyyətinin (xüsusən, inkişaf etmiş ölkələrdə) yüksəlməsi cəmiyyətə həm müsbət, həm mənfi təsir etməklə onu sanki dilemma qarşısında qoymuşdur.

Bu davranış növünün müsbət və mənfi davranış formaları da mövcuddur. Belə ki, müsbət davranış formalarına sağlam həyat tərzi sürmək, fiziki aktivlik, zərərli vərdişlərdən imtina etmək daxildirsə, mənfi özünümüdafiə davranış isə, bunun tam əksini (maddə asılılığı, tibbi xidmətlərdən istifadə etməmək və s.) kimi məsələləri ehtiva edir. Özünümüdafiə davranışın ən neqativ forması isə intihar olaraq müəyyən edilmişdir. Nəticə etibarilə, müasir dövrdə xüsusən, inkişaf etmiş ölkələrdə tibbi xidmətlərin və insanların bu sahədə fərqindəliyinin yüksək səviyyədə olması səbəbilə həmin ölkələrdə ömürmüddəti artmış və bəzi ölkələr (Yaponiya, İtaliya və s.) əhalinin qocalma fazasına keçid etmişlər.

Özünümüdafiə davranışının mahiyyəti haqqında qısaca onu demək olar ki, bu insanın ömür müddəti boyunca fiziki və mental cəhətdən sağlamlığını qorumağa, ömür müddətini uzatmağa yönəlmiş hərəkətlər və münasibətlər sistemidir(5, s.52).

Məlum olduğu kimi, əhalinin qocalması prosesinin güclənməsi ictimaiyyətin qarşısında ciddi sosial – iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Bunların arasında işçi qüvvəsinin qıtlığı, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar.Bir tərəfdən, yaşlı əhalinin ümumi demoqrafik mənzərədə sayının artması ölkədə yaşayış səviyyəsi, tibbi xidmətlərin yüksək olmasının göstəricisidir. Lakin yaşlı əhalinin sayının artması həm demoqrafik yükü artırır, həm də ölkənin insan potensialının hərəkətverici qüvvələrindən biri olan iqtisadi fəal əhalinin sayını azaldır.  

Hal-hazırda dünya ölkələri yuxarıda sadaladığımız demoqrafik problemlərlə qarşı-qarşıyadırlar və mümkün həll yolları axtarışındadırlar. Buna görə, hər bir müstəqil ölkə əhalinin təkrar istehsalının xarakterini, obyektiv iqtisadi qanunları öyrənməklə əhalinin sayının, tərkibinin və yerləşdirilməsinin gələcəkdə necə dəyişəcəyini, hansı istiqamətdə inkişaf edəcəyini, qabaqcadan görmək üçün sosial – iqtisadi inkişafı və ümumi demoqrafik vəziyyəti proqnozlaşdırır. O cümlədən, işçi qüvvəsindən, onun əmək potensialından səmərəli istifadə etmək üçün elmi cəhətdən əsaslandırılmış demoqrafik siyasət işləyib hazırlanır. Bu zaman, mövcud şəraitə uyğun, problemin həllinə yönəlik demoqrafik siyasətin işlənib hazırlanması naminə cəmiyyətdə demoqrafik sferaya təsir edən başlıca prosesləri müəyyən etmək lazımdır. Burada, əhali hərəkəti prosesi çox önəmli rol oynayır. Əhali hərəkətinə təsir edən amillər aşağıdakı kimi müəyyən edilmişdir:

Şəkil 1. Əhali hərəkətinə təsir edən amillər (6).

Ölkəmiz, Azərbaycanda demoqrafiya sahəsində əhali hərəkəti prosesi əsas tədqiqat obyektlərindən biridir. Bildiyimiz kimi, 2022-ci ilin əvvəlinə, Azərbaycan Respublikasının əhalisinin sayı 10156,4 min nəfər olmuşdur. Əhalinin 5368,5 min nəfəri və ya 52,9 faizi şəhər, 4787,9 min nəfəri və ya 47,1 faizi kənd sakinlərindən, 5074,5 min nəfəri (50,0 faizi) kişilərdən, 5081,9 min nəfəri isə (50,0 faizi) qadınlardan ibarətdir (şəkil 2).

Ümumi əhalinin 22 %-ni gənclər (14-29 yaş) təşkil edir və onların da yarıdan çoxu  şəhər yerlərində yaşayırlar.

Şəkil 2. Azərbaycanda demoqrafik  göstəricilər. (2022- cil il) (3)

Bu da təəssüf ki, regional inkişafın qeyri-bərabərliyinə şərait yaradır. Buna görə, region gənclərinin məşğulluğunun artırılması hal-hazırda aktual məsələlərdən biri olaraq qalır.

Ümumiyyətlə, işçi qüvvəsi 16-65 yaşlı əmək qabiliyyətli əhali hesab olunur. Bildiyimiz kimi, əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali qanunvericilikdə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır.Ölkə əhalisinin yaş tərkibi ölkənin əmək ehtiyatlarının mövcudluğunun əsas göstəricisidir. İqtisadi fəal əhali (işçi qüvvəsi) – məşğul və işsiz əhalinin ümumi sayını əhatə edir. İqtisadiyyatın istənilən sahəsində məşğul olan əmək qabiliyyətli əhali iqtisadi fəal əhali adlanır.15 və yuxarı yaşda məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, əyani təhsil alan tələbələr, yaşa, staja görə və güzəştli şərtlərlə pensiya alanlar, mülkiyyətdən gəlir alanlar, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan və s. şəxslərdir (Şəkil 3).

Şəkil 3. Əmək qabiliyyətlilik cəhətdən əhalinin təsnifatı (4).

Şəkil 4.  Əməkqabiliyyətli yaşda əhali üzrə artım tempi (illər üzrə) (3)

Təqdim olunmuş statistik məlumatlara əsasən, 2000-2022-ci illərdə əməkqabiliyyətli yaşda əhali üzrə artım tempi müşahidə olunur. Hər 10 ildən bir müsbət dinamika izlənmişdir (Şəkil 4).

          Bütövlükdə demoqrafik amillər əsas etibarilə iş qüvvəsinin geniş təkrar istehsalı ilə sıx bağlıdır. Hər bir ölkənin inkişaf dövründə gənc əhaliyə sahib olmaq olduqca vacibdir. Çünki, gənc əhali dinamik və yaradıcı olması ilə ölkə iqtisadiyyatının inkişaf motivasiyasını təmin edən güc olaraq düşünülməkdədir. Yaradıcı, dinamik, yeni fikirlərə açıq gənc əhali iqtisadi artıma müsbət tərəfdən təsir edən amillərdəndir. Digər bütün dəyişənlərin sabit olduğunu qəbul etdiyimizdə gənc əhaliyə sahib ölkələrin digər ölkələrə görə daha avantajlı olduğunu deyə bilərik. Ancaq bu potensialın iqtisadiyyat üçün bir gücə çevrilməsi üçün gəncliyin potensialından istifadə edəbilmək və onları müəyən işlərdə məşğulluğa cəlb etmək lazımdır (6, s.68).

Qrafik 1.  Əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri (min nəfərə) (3)                                                             

Əmək bazarında aparılan müşahidələr və araşdırmalar göstərir ki, 2021 – ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2000- ci illə müqayisədə 9054,3 min nəfər artaraq 10137,8 min nəfər olmuşdur (qrafik 1). Bunlardan 5303,9 min nəfərini iqtisadiyyatda məşğul olanlar 315,7 min nəfərini isə işsiz əhali təşkil etmişdir. İqtisadiyyatda məşğul olan əhalinin sayı  2021-ci ildə-4988,2 min nəfər təşkil edir, onlardan 1115,3min nəfəri (25,6%) dövlət sektorunda, 3872,9 min nəfəri (74,4%) isə qeyri dövlət sektorunda çalışır (7, s.54).

Əmək bazarını səciyyələndirən əsas göstəricilərə məşğulluq səviyyəsi, məşğulluğun növləri, məşğul əhalinin fəaliyyət növləri üzrə bölgüsü, muzdla və muzdsuz işləyənlər iqtisadi fəal əhali, işsizliyin səviyyəsi və s. daxildir.

Özəl sektorda işləyənlərin sayında artım müşahidə olunmuşdur. Azərbaycanın regionlarında aqrar islahatların başa çatması, kənd əhalisinə pay torpaqlarının verilməsi torpaq sahibləri təbəqəsini yaranmasına səbəb olmuşdur. Bütün bunlar özünü məşğulluq əsasında fəaliyyət göstərən ailə – kəndli təsərrüfatlarının yaranmasına və inkişafına səbəb oldu. Ümumilikdə, özəl sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına və məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verir. Qeyri dövlət sektorunun inkişafı iqtisadiyyatın aqrar bölməsinin xüsusi çəkisinin artmasına imkan vermişdir.

Əmək qabiliyyətli əhalinin iqtisadi fəal və qeyri-iqtisadi fəal əhali hissəsinin kəmiyyət və keyfiyyət fərqinə təsir edən demoqrafik, sosial-iqtisadi amillərin sosioloji baxımından təhlili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iqtisadi fəal əhalinin sayı aşağıdakı üç əsas amildən asılıdır

  •  əmək qabiliyyəti yaşında olan əhalinin xüsusi çəkisindən;
  •  məşğulluq yaşında olan əhalinin xüsusi çəkisindən
  •  ayrı – ayrı yaş qrupları üzrə məşğulluq səviyyəsindən (6, s.83).

Əhalinin cins və yaş tərkibi də demoqrafik proseslərə mühüm təsir göstərir. Məsələn, kişilərə nisbətən qadınların xüsusi çəkisi, reproduktiv yaşda olan qadınların yaş qrupu, miqrantların say tərkibi, əhalinin qocalma səviyyəsi və s. kimi demoqrafik amillərin tədqiqi diqqətəlayiqdir. Statistikaya nəzər saldıqda, məşğul qadınların sayı 2000-ci illə müqayisədə artdığını və 2021-ci ildə- 2408,1 min nəfərə çatdığını görmüş olarıq. Həmçinin, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üzrə çəkilən xərclərin illər üzrə dinamikasında artım müşahidə olunmuşdur (5,8 mln manatdan 9,2 milyon manata).Bu da şübhəsiz, gələcəkdə müasir tələblərə cavab verən, rəqabətqabiliyyətli milli gənc kadrların sayının artmasına gətirib çıxardacaq.

Azərbaycanda  yeni texnoparklar, aqroparklar, sənaye klasterləri, iri sənaye kompleksləri, azad  iqtisadi zonanın yaradılması ölkəmizin potensial imkanları keyfiyyətini gücləndirir və yeni mərhələyə çıxardır.  Bütün bunlar, Azərbaycan Respublikası Prezidentinin 2016- cı il 16 mart tarixli 1897№-li sərmanı ilə təsdiq edilmiş “milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” ndə öz təsdiqini tapmışdır (2). Dövlət Proqramı ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməsi zəruri olan tədbirləri özündə əks etdirir. Dövlət Proqramı ölkədə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində 2025-ci ilədək dövr üçün strategiyanı müəyyənləşdirməklə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 02 fevral  tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər təsdiq edilmişdir. Sənəd yaxın və orta perspektivdə ölkəmizin qarşısındakı əsas hədəflər  müəyyənləşdirilmişdir (1). Milli prioritetlər əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin reallaşdırılması vəzifəsi qoyulmuşdur. Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün  subyektlərin fəaliyyətində müsbət təzahür olunacaqdır. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət və rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması Azərbaycanı yeni zirvələrə və ugurlara gətirəcək.

Published by shovkatmustafazada

Lecturer and PhD Student in Sustainable Development

Leave a comment